Biz öz əsərlərimizlə dünya səhnəsinə çıxmalıyıq”

 

Əməkdar incəsənət xadimi Hafiz Quliyev: “OperaBalet Teatrının səhnəsində dünyada ən məşhur əsərlər tamaşaya qoyulur

 

Müsahibim Azərbaycan Dövlət Opera və Balet teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi, Prezident mükafatına layiq görülmüş incəsənət xadimlərindən biri Hafiz Quliyevdir. Müsahibəni oxuculara təqdim edirik:

- Hafiz müəllim, bir incəsənət xadimi kimi bizim musiqi mədəniyyətimizə xaricdə göstərilən marağı necə qiymətləndirirsiniz?

- Əlbəttə ki, bizim musiqi mədəniyyətimizə qarşı dünya ölkələrinin böyük marağı var. Şübhəsiz ki, “Arşın mal alan” tamaşasını Bakıda Azərbaycan Dövlət Opera və Balet teatrının səhnəsindən əlavə, dünya ölkələrində Ankara Akademik Opera və Balet teatrında, Samsun Akademik Opera və Balet Teatrında, Belarus Akademik Musiqili teatrında, Pekin Milli Opera Teatrında, Moskva şəhərində də səhnələşdirmişəm. Hər ölkənin öz aktyorları və kollektivlərilə birgə çalışmışam. Hazırda Belarusda “Arşın mal alan” ən uğurla göstərilən tamaşalardan biridir. 3 ildir ki, tamaşa orada səhnəyə qoyulur. Yadımdadır ki, onlar teatr nominasiyası üzrə mükafat təsis eləmişdilər. Final mərhələsinə “Arşın mal alan” çıxmışdı. Çox böyük maraqla qarşılanmışdı.

-“Arşın mal alan” tamaşasını xaricdə səhnəyə qoyduğunuz zaman xarici aktyorlarla çalışmaq sizə çətinlik yaratdımı? Bizim milli adət-ənənələrimiz xarici aktyorlara səhnədə çətinliklər yaratdımı?

- Mən bu tamaşanı ilk dəfə 1997-ci ildə hazırlamışdım. O vaxt Azər Zeynalovun, Fidan Hacıyevanın ilk tamaşaları idi. Bu tamaşada Fidan Hacıyeva Asiyanı, Zemfira İsmayılova Gülçöhrəni, Gülyaz Məmmədova isə Telli rolunu oynamışdı. Qeyd edim ki, teatr tarixində ilk dəfə olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından aktyor dəvət etdik. Mərhum, unudulmaz sənətkarımız, Xalq artisti Yaşar Nurini Soltan bəy roluna dəvət etdik. Çox maraqlı və gənc kadrlar yığılmışdı. Tamaşanın açılışı sentyabrın 18-i oldu. Sentyabrın 21-də ulu öndər Heydər Əliyev İhsan Doğramacı ilə birgə o tamaşaya baxdı. Tamaşa bitən zaman səhnə arxasına gəlib çox gözəl təhlil söylədi. Onu da vurğuladı ki, gənc kollektiv olmasından asılı olmayaraq, teatr və incəsənətimiz yaxşı əllərdədir. Əsas məsələ bundadır ki, bu, bizim qanımızdadır. Tamaşada rol alan bütün aktyor heyəti azərbaycanlı idi. “Arşın mal alan”ın kinosuna da baxıblar, əsərini də oxuyublar, hər zaman o musiqini eşidirlər. Kino versiyası tamaşaçılara daha maraqlı gəlirdi. Hətta yazılar da olurdu ki, kinodan sonra tamaşanın teatra qoyulması qəbul edilməzdir. Çox şükürlər olsun ki, tamaşa uğurla həyata keçdi. Ən vacibi o idi ki, tamaşaya gələnlər arasında əsasən gənclər çox iditamaşa biletləri tamaşaya on gün qalmış qurtarmışdı. İlk dəfə olaraq görürdüm ki, hətta teatrın koridorunda belə tamaşaçılar var. Tamaşa qurtaran zaman zaldan çox böyük alqışlar eşidildi. Bu, əlbəttə ki, sevindirici haldır.

Sualınıza cavab olaraq deyə bilərəm ki, Türkiyə mədəniyyəti, incəsənəti, musiqisi bizə az-çox yaxın olsa da, amma “Arşın mal alanonlar üçün yeni idi. Bu tamaşanı Ankarada Azərbaycan ləhcəsilə türk ləhcəsinin qarışığı şəklində səhnələşdirdik. Samsun şəhərində də eyni formada səhnəyə qoyduq. Türkiyədə də belə istəmişdilər. Yadımdadır, 2003-cü ilin yanvarın 19-a afişalar çıxdı. Böyük afişalar Ankaranın ən görkəmli yerlərindən asılmışdı. Afişalarda “Azərbaycanın dahi yazarı və bəstəcisi Üzeyir Hacıbəyovun-“Arşın mal alan” əsəri” yazdırmışdım. Tamaşaya 3-4 gün qalmışdı, teatrın müdiri mənə söylədi ki, artıq biletlər qurtarıb. Məcbur olub ikinci tamaşanı repertuara saldılar. Eyni hal Samsun şəhərində də baş verdi. Məsələ burasındadır ki, aktyorlar bu tamaşanı sevə-sevə oynayırdılar. Baxmayaraq ki, onlar üçün tamaşa obrazları çətin görünürdü. Belarusda da çox maraqlı oldu. Orada “Arşın mal alan” tamaşasını rus dilində səhnəyə qoydum. Tamaşada əsas məqam ondan ibarət idi ki, həm Türkiyədə, həm də Belarusda Azərbaycanın milli geyimləri dəqiqliyi ilə diqqət cəlb edirdi. Səhnəyə çıxacaq aktrisaların bizim milli geyimlərimizdən xoşları gəlmişdi. Hətta mənə deyirdilər ki, xahiş edirik bizə səhnədə bir neçə dəfə yer verin. Bu gözəl paltarda istəmirik, tamaşaçılar bizi az görsün. Bəli! Bu cür idi bizim milli geyimimizə dəyər və qiymət. Musiqimizə qiymət isə bir başqa cür idi. Tamaşada xala obrazını Belarusun Xalq artisti Qayda ifa edirdi. Bizdə mərhum Nəsibə Zeynalovaya münasibət necə idisə, Belarusda da həmin xanıma qarşı olan münasibət elə idi. Həmin xanım “Arşın mal alan”ın böyük vurğunu idi. Hətta mənə Rəşid Behbudovun kasetlərini göstərib, hər gün onlara qulaq asdığını söyləmişdi. Belarusda “Arşın mal alan”ın üç dəfə premyerası keçirildi. Yenə də tamaşaya üç gün qalmış biletlər qurtarmışdı. Ayda üç dəfə bu tamaşa göstərilir.

Ümumiyyətlə, Üzeyir bəyin bu əsəri dünyada Azərbaycan musiqisinin təbliğində çox böyük rol oynayıb. Doxsandan çox ölkədə səhnəyə qoyulub. Yetmişdən çox dilə tərcümə olunub. Çalışırıq ki, musiqimizin daha da təbliğ olunmasında işlər görək.

- Bu gün xarici yeni operetta əsərləri səhnələşdirilsə, klassik operettalar kimi tamaşaçı tərəfindən maraqla izlənilə bilərmi?

- Bu gün OperaBalet Teatrı səhnəsində dünyada ən məşhur və dünyanın bütün teatrlarında səhnəyə qoyulan tamaşalar səhnələşdirilib. Məsələn, “Karmen”, “Tubadu”, “Traviata”, “Aida”, “Məzhəkəçilər” və başqa əsərlər dünyada ən məşhur əsərlərdir və ən məşhur teatrlarda səhnələşdirilib. Bizim teatrımızda da bu tamaşalar kollektivimizin gücü ilə oynanılır və bəyənilir. Bəzən ayda bir neçə dəfə dünyanın ən məşhur operabalet ulduzlarını dəvət edib bu tamaşaları bizim kollektivlə birlikdə tamaşaçılara nümayiş etdiririk. Azərbaycan operalarından isə Üzeyir Hacıbəyovun bütün operaları səhnələşdirilir. Eləcə də başqa bəstəkarlarımızın da operaları tamaşaya qoyulur. Biz çox istəyirik ki, yeni əsərlər yazılsın.

- Sizcə, biz dünya klassiklərinin əsərləri ilə dünya arenasına çıxa bilərikmi?

- Razı olsalar, əlbəttə ki, çıxa bilərik. Amma bizim üçün çox önəmlidir ki, biz öz əsərlərimizlə dünya səhnəsinə çıxaq. Söz yoxdur ki, bizdə də çox gözəl “Traviata”, “Aida”, “Karmenvar. Bizim tamaşaçıların 60 faizi əcnəbi tamaşaçılardır. Hətta avropalı tamaşaçılar deyirlər ki, kaş bizdə də tamaşalar bu cür oynanılardı. Amma bir şey var ki, əgər “Aida” tamaşası İtaliyada oynanılırsa, gərək biz öz əsərimizlə çıxış edək. Bu yaxınlarda biz Türkiyəyə getdik, ilk dəfə Ərəbistana “Leyli və Məcnun”u apardıq və çox bəyənildi. Biz çalışırıq ki, daha çox öz əsərlərimizi təbliğ edək. Çünki digər tamaşalar dünyanın hər yerində səhnələşdirilir. Amma lazım gələrsə, bizdə olan tamaşanı böyük məmnuniyyətlə istənilən formada göstərə bilərik və əminəm ki, çox bəyənilər.

- Bugünkü opera sənəti üçün gənc rejissorların yetişməsinə necə baxırsınız?

- Mən İncəsənət Universitetində musiqili teatr rejissorluğundan dərs deyirəm, rejissor kursunun rəhbəriyəm. Mən düşünürəm ki, orada rejissor yetişdirilməsi üçün çox böyük imkanlar yaradılıb, ən professional insanlar dərs deyir. İstedadlı uşaqlar var. Mən bunu həm öz, həm də digər müəllimlərin tələbələrində görürəm. Düşünürəm ki, istedadlı rejissorlar yetişir.

- Səhnəyə qoyduğunuz tamaşalara arzuladığınız quruluşu verə bilirsinizmi?

- Məsələ burasındadır ki, opera tamaşalarının kütləvi səhnələri çoxdur. Elə olur ki, səhnəyə eyni anda 120 nəfər çıxır. 120 nəfərin eyni anda səhnəyə çıxması ilk baxışda xaos yaradır. Bu insanların üzərində konkret olmalıdır və bu elə qurulmalıdır ki, simmetriya alınsın. Simmetriya əslində gözəllik deməkdir. Hər şey gözəlliklə ölçülür. Simmetriya düzgün qurulanda hər şey gözəl görünür. Söz yoxdur ki, hər şeyin gözəl görünməsini istəyirsən. Məsələn, opera sənətçisi ilk növbədə qarşısındakı adamla münasibətdə olmalıdır, ətrafındakı kütlə ilə münasibətdə olmalıdır. Çünki dram teatrından fərqli olaraq, bunun özünəməxsus xüsusiyyətləri çoxdur və çətindir. Yəni, o dirijoru görməlidir ki, ritmdən çıxmasın, qarşısındakı insanla danışmalıdır, yanındakı insanla münasibət qurmalıdır və kütlənin içində itməməlidir. Təbii ki, bütün bunların hamısı çətindir. Biz çalışırıq solistlərə kömək edək ki, onlar bütün bunların içində özlərini tapa bilsinlər. Çünki iki saat mikrofonsuz canlı oxumaq üçün rejissor məcburdur ki, onlara şərait yaratsın. Onlar da çalışırlar, rejissorun bu işinə kömək etsinlər ki, biz düşündüyümüz quruluş və simmetriyanı çatdıra bilək. Tamaşaçılarımız da incəsənəti bilən insanlar olduğu üçün onların fikirlərini qiymətləndiririk.

- Qeyd etdiniz ki, teatrda siz tək, aktyorlar isə çoxdur. Tamaşanın hazırlanmasında isə sizin üzərinizə böyük məsuliyyət düşür.

- Ümumiyyətlə, teatr kollektiv işdir. Birmənalı şəkildə teatrın beş komponentindən biri kollektiv sənətdir və əsası odur. Buradarejissor, nə də aktyor tək görə bilməz. Teatr asılqanda oturan adamla münasibətindən başlayır. Köməkçi rejissor olmasa, pərdə açılmayacaq və tamaşa başlamayacaq. Əgər fəhlə olmasa, səhnə qurulmayacaq. Aktyor yaxşı oynamasa, tamaşa sevilməyəcək. Dirijor çubuğu qaldırmasa, tamaşa başlamayacaq. Birinci növbədə teatr rəhbərliyi bütün bunlar üçün böyük bir şərait yaradır. Ola bilər ki, məşq prosesində rejissorun üzərinə ağırlıq düşür. Amma burada bütün kollektiv işləyir. Hətta tamaşaçı da bu kollektivə daxildir. Əgər bu komponentlərdən biri olmasa, bu tamaşa alınmayacaq. Ona görə də burada hər kəs bir ürəklə rejissorun məqsədinə xidmət edir. Bəlkə də rejissorun ən böyük işlərindən birbudur ki, kollektivi bir araya yığa bilsin.

- OperaBalet Teatrında səhnəyə qoyulan tamaşanı ekranlaşdırmaq üçün təşəbbüs göstərən olurmu?

- Olsa, çox gözəl olar. Mən çox istərdim ki, film-operalar çəkilsin. Amma professional şəkildə çəkilsin. Bu filmlər elə-belə çəkilməməlidir. Film-operaların çəkilmə prosesi əslində çətindir. Ona görə bu filmləri çəkmək üçün professionallar yığışıb bunu dəqiq bir ssenari üzərində qurmalıdırlar. Mən çox istəyirəm ki, bizim film-operalarımız çəkilsin. Təbii ki, artıq bu sahədə təşəbbüslər var. Məsələn, bu yaxınlardaLeyli Məcnunhaqqında bir film çəkildi. Görünür ki, gələcəkdə bu işlərin davamı görüləcək.

-Bəs aktyor heyəti necə?

- O, müxtəlif ola bilər. Dünya praktikasında belə şeylər var ki, operanı oxuyan özü filmdə oynaya bilər. Mən bir rejissor kimi bunu istəyərdim. Bu daha təbii olar. Niyə birinciArşın mal alanfilmi təbii alındı? Çünki orada Rəşid Behbudov özü həm oxudu, həm oynadı. Baxmayaraq ki, ikinci filmin texnikası çox gözəl idi, aktyor heyəti gözəl idi. Mən bunun tərəfdarıyam ki, aktyor özü həm oxusun, həm oynasın.

- Bir pedaqoq kimi opera sənəti film-operalar üçün çalışan tələbələrin gələcəkdə yaradıcılığını necə görürsünüz?

- Bir söz deyim ki, bu gün İncəsənət Universitetində bütün şəraitlər yaradılıb, auditoriyalar açılıb, avadanlıqlar gətirilib, səhnələr qurulub. Amma indiki tələbələr teatrdan çox filmə meyillidirlər. Düzdür, teatra vurğun olanlar da var. Teatr yaşamalıdır. Teatr canlı sənətdir ki, onunla sən birbaşa ünsiyyət qurursan. Teatr tamaşaçını, tamaşaçı isə aktyorun sənətini hiss etməlidir. Onun gözəlliyi bundadır. Hətta ən zəif tamaşada belə əgər tamaşaçı ilə səhnə bir-birini hiss edirsə, bu daha maraqlı olur. Hamı çalışır ki, tamaşalar gözəl olsun. Təbii ki, biz bunun üçün əlimizdən gələni edirik. Gözəl tamaşalarda tamaşaçı ilə aktyor arasında bir dialoq yaranır bu dialoqdan alınan hiss, tərbiyə, mədəniyyət, zövq, istirahət başqa teatr janrlarından alınmır. Çünki bu janr həm çətindir, həm canlı olduğu üçün bir az yüksəkdir. Təbii ki, kinonun da öz yeri, öz uğuru var.

 

Xəyalə GÜNƏŞ

 

Palitra.-2013.-7 iyun.-S.13.